Təhsil turizmi
Təhsil turizmi – bilik və ya bacarıq qazanmaq, yaxud mövcud bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlmiş turizm forması. Təhsil turizmi elmi-akademik, mədəni, ekoloji, könüllülük və ya biznes fəaliyyəti kimi bir çox temalı səfərləri özündə birləşdirir. Buna görə də təhsil turizmin obyektləri tanınmış universitet korpuslarından tutmuş kiçik kənd evlərinə görə çox geniş müxtəlifliyə sahibdir. Təhsil turizmi beynəlxalq elmi araşdırma proqramları, dil məktəbləri, tələbə mübadilə proqramları, beynəlxalq və ya yerli könüllülük fəaliyyəti, forum və konfrans kimi çoxsaylı formalarda reallaşa bilər. Əksər hallarda teatr, muzey, tarixi ərazilərə səfərlər kimi maarifləndirici tədbirlər, o cümlədən rəqs axşamları, film nümayişləri, müxtəlif oyunlar kimi əyləncəli fəaliyyət də təhsil turizmi proqramlarına daxil edilir.
İqtisadi, siyasi, sosial, hüquqi, ekoloji və texnoloji faktorlar əksər turizm növlərində olduğu kimi təhsil turizminə az və ya çox təsir göstərir.
Çox sürətlə inkişaf edən və reallaşma formaları getdikcə daha da müxtəlif hal alan təhsil turimi öyrənmə, şəxsi inkişaf, istirahət və əyləncə kimi bir çox məsələləri əhatə edir. Əlbəttə ki, səfərin məqsəd və predmenti, o cümlədən öyrənmə və öyrətmə metodlarının müxtəlifliyi də təhsil turizmində tələb və təklif yelpiyinin çox geniş olmasına səbəb olmuşdur.
Təhsillə bağlı uzun səyahətlər etmək yeni anlayış deyil. Amma müasir dövrdə anladığımız kimi genişmiqyaslı və əhatəli təhsil turizminin başlanğıcı olaraq XVII əsri qəbul etmək mümkündür.